HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏNƏNƏVİ MUSİQİSİ
Description
Heydər Əliyev haqqında məqalə “Bəstəkarın yüksək amalı və vəzifəsi” adlı kitabça ilə tanışlıqla başlayır. Bu kitabça 1979-cu ilin 1 oktyabrında Ulu öndərin Azərbaycan bəstəkarları ilə gorüşdəki çıxışının çap olunmuş mətnidir. Uzaqgörənliklə yazılmış və dərin fikirləri özündə cəmləyən bu çıxışı, Azərbaycan, ümumiyyətlə, musiqi mədəniyyəti haqqında gələcəyə ünvanlanmış proqram-çıxış, proqram-sənəd kimi qəbul etmək olar. Burada musiqişünas dəqiqliyi ilə Azərbaycan musiqisi, onun keçdiyi şərəfli yol tarixi inkişaf kontekstində baxılmış, musiqimizin bir sıra nəzəri, elmi, etik və estetik problemləri üzə çıxarılmış, bəstəkar və dövr, bəstəkar və millilik, ənənəvilik və novatorluq, beynəlmiləlçilik və s. kimi qlobal məsələlər konkret, dəqiq və ümumiləşdirmə məharəti ilə təhlil edilmişdir. Burada, eyni zamanda ifaçılıq sənəti, musiqi təhsili, ümumiyyətlə, Azərbaycan musiqisi qarşısında duran vacib vəzifələr müəyyən edilmişdir.
Ardıcıl, məntiqi və sistemli şəkildə tərtib edilmiş bu çıxışın məzmunu onu deməyə imkan verir ki, Respublikaya rəhbərlik etdiyi ilk illərdən başlayaraq, H.Əliyev bütün sahələrdə, o cümlədən musiqi mədəniyyəti sahəsində də, qarşısına görüləcək işlər üzrə sanki bir proqram – ali ideyalar, böyük məqsədlər qoymuş və həmin ideya və vəzifələri bütün fəaliyyəti boyu ardıcıl olaraq həyata keçirmişdir və bu baxımdan, musiqi tariximizin çağdaş mərhələlərinin, hadisələrinin doğru yola istiqamətlənməsində H.Əliyevin rolu çox böyük olmuşdur.